Nevrozlar və ürəkdə ağrı.Ürəkdə üzvi xəstəliklərdən asılı olamayan ağrılar çox vaxt nevroloji pozğunluqlar nəticəsində yaranır və bu həkim-terapevtə, kardioloqa və digər mütəxəssislərə olunan müraciətlərin əksəriyyətinin səbəbidir. Əvvəl bu hallar ürək nevrozu, kardial tipli neyrosirkulyator distoniya adlandırılırdı, terapevt və kardioloqun kompetensiyasına daxil idi. Hal-hazırda xəstəliklərin beynəlxalq təsnifatının 10-cu yenidən işlənməsinə (XBT-10) əsaslanaraq ürək nevrozu somatoform pozğunluqlara (əsasən ürək-damar sisteminin zədələnməsi ilə gedən somatoform vegetativ disfunksiya) daxil edilir və psixoterapevtdə müalicəsi nəzərdə tutulur. Müayinə zamanı ürək-damar sistemi tərəfindən hər hansı bir pozuntunun aşkarlanmaması, şikayətlərin psixozədələyici situasiya ilə əlaqəli olması, sedativ və psixoterapevtik müalicənin effekt verməsi somatoform vegetativ disfunksiyanın mövcudluğunu təsdiqləyir. Kəskin hallarda hər bir xəstə üçün individual seçilmiş trankvilizatorlar, beta-blokatorlar, antidepressantlardan istifadə etməklə kiçik müalicə kursları təyin edilir.
Panik həmlələr. Əgər döş qəfəsində ağrı, tezləşmiş ürəkdöyünmə, hiperventilyasiya (tənəffüsün tezləşməsi) və güclü tərləmə ilə müşayiət olunan səbəbsiz qorxu tutmaları keçirirsinizsə onda siz “panik həmlə” deyilən vegetativ sinir sisteminin özünəməxsus pozğunlugundan əziyyət çəkirsiniz.
Plevrit. Sinədə nəfəsalma və ya öskürək zamanı güclənən kəskin və məhdud ağrı plevritin əlaməti ola bilər. Ağrı döş qəfəsini daxildən örtən və ağ ciyərləri bürüyən membranın iltihabı nəticəsində yaranır. Plevrit müxtəlif xəstəliklər zamanı, daha çox isə – pnevmoniyalar zamanı inkişaf edir.
Titse sindromu. Müəyyən şəraitdə qabırğaların qığırdağı, xüsusən döş sümüyünə birləşən qığırdaqlar iltihablaşa bilir. Bu zaman ağrı kəskin yaranır və stenokardiya tutmalarını xatırladacaq şəkildə intensiv olur. Lakin ağrının lokalizasiyası müxtəlif ola bilər. Titse sindromu zamanı ağrı döş sümüyünə və ya döş sümüyü yanında qabırğaya təzyiq etdikdə artır. Stenokardiya və ya miokard infarktı ağrıları bundan asılı deyil.
Osteoxondroz. Onurğa sütununun boyun və ya döş seqmentinin osteoxondrozu stenokardiyanı xatırladan vertebral kardialgiyaya səbəb olur. Bu vəziyyət döş sümüyü arxasında intensiv və uzun müddətli ağrılarla müşayiət olunur. Qola və kürəkaltı nahiyəyə irradiasiya qeyd edilə bilər. Ağrı bədən vəziyyətinin dəyişməsi, başın dönməsi, əllərin hərəkəti ilə əlaqədar olaraq arta ya azala bilir. Onurğa sütununun maqnit rezonans tomoqrafiyası (MRT) müayinəsini aparmaqla diaqnozu təsdiqləmək olar.