Məişət tozu – allergenlər toplusundan ibarətdir. Onlardan ən əsası isə məişət tozu gənəsidir. Bu gənələr – adi halda insan gözü ilə görünməyən (bədən diametrləri 0,3 mm) çox xırda ölçüdə olan buğumayaqlılardır (hörümçək kimi). Onlar məişət tozunun xeyli hissəni təşkil edən - insan dərisindən qopmuş olan pulcuqlarla qidalanırlar.
Gənələr əsasən çarpayılarda və yataq dəstlərində (balış, yorğan-döşək və s.) yaşayırlar. İnsan yuxuda olarkən, dərisinin məhz bu əşyalara sürtünməsi nəticəsində öz dərisindən daha çox buynuz qişa pulcuqları xaric etmiş olur. Orta hesabla, yataq döşəyində olan 1 qram tozun tərkibində 2000-15000 sayda məişət gənəsi yaşaya bilər.