Kəskin xolangit

Kəskin xolangit

Müəllif: Şahnaz

Tarix: 28 Apr.2023

Kəskin xolangit qızdırma, sarılıq və abdominal ağrı ilə xarakterizə olunan kliniki sindromdur və öd yollarında yaranmış staz (durğunluq) və infeksiya nəticəsində inkişaf edir. Kəskin xolangit həm də qalxan xolangit də adlandırılır. Xolangit ilk dəfə Şarkot tərəfindən ciddi və həyati təhlükə törədən xəstəlik kimi təsvir edilib. Lakin müasir dövrdə kəskin xolangitin ağırlıq dərəcəsinin müxtəlif olduğu məlumdur.

PATOGENEZ
Kəskin xolangit öd yollarının obstruksiyası olan xəstələrdə əsasən infeksiya səbəbindən yaranır. Kəskin xolangitə səbəb olan bakteriyalar adətən duodenumdan (12-barmaq bağırsaqdan) qalxır. Portal venadan bakteriyaların hematogen yolla yayılması çox nadir hallarda kəskin xolangitin səbəbi olur. Kəskin xolangitin inkişafına təsir edən mühüm risk faktorlara öd yollarının obstruksiyası və durğunluq (staz) daxildir. Kəskin xolangiti olan xəstələrin (biliar stenti olmayanlar) əksəriyyətində öd yollarının obstruksiyasına səbəb öd daşları (28-70%), xoşxassəli stenoz (5-28%) və bədxassəli törəmə (10-57%) olur. Bununla yanaşı bədxassəli törəmə nəticəsində öd axarlarının obstruksiyası hallarında öd yollarına stentin qoyulması zamanı baş verən ağrılaşmalardan biri məhz kəskin xolangitdir.

Müəllif: "Qastroenteroloq-hepatoloq" Dr. Şahnaz Atayeva