Ekzema

Ekzema

Müəllif: Günel

Tarix: 7 Oct.2021

Ekzema hazırda ən geniş yayılmış dəri xəstəliklərindən olub, bəzi formalarında allergik komponentlərin əhəmiyyəti vardır. Ekzema anadan olandan qocalana qədər bütün yaşlarda, həm kişilərdə, həm də qadınlarda eyni dərəcədə təsadüf olunur. Ekzema dərinin səthi qatlarının zədələnməsi ilə aşkar olur. Dəri səpir, qızarır, bir qədər şişir, orada xırda düyüncüklər və sudurcuqlar görünür. Çox keçmədən sudurcuqlar deşilir və həmin yerdə sulanma əmələ gəlir. Sulanma tezliklə quruyur və zədələnmə nahiyəsində nazik qartmaq əmələ gətirir. Qartmaqlar quruyub töküləndən sonra ekzemanın yerində normal dəri əmələ gəlir.

Ekzema nahiyəsində daim qaşınma müşahidə olunur. Psixi sarsıntılar, mənfi emosiyalar və bunun nəticəsində yuxusuzluq, ruhi düşkünlük, mənəvi sarsıntılar ekzemanın baş verməsində və xronik ekzemanın kəskinləşməsində böyük rol oynayır. Kəskin ekzemanın eritemalı, düyüncüklü, sudurcuqlu stadiyaları tezliklə bir-birini əvəz edir. Bəzən bir neçə saat və ya bir neçə gün müddətində birinci üç stadiya da keçib gedir, sulanma əmələ gəlir. Sonra tədricən, bəzən də çox tezliklə qaşınma azalır. Kəskin iltihab halları çəkilir, qartmaqlar tökülür, zədələnmə nahiyəsində dəri normallaşır. Qalmış piqment ləkələri tezliklə sorulur. Düzgün müalicə nəticəsində kəskin ekzema, əsas etibarilə sağalmaqla qurtarır. Müalicəsiz qaldıqda və ya düzgün müalicə edilmədikdə, xronik hala keçir.