Avropa ölkələrdə antibiotik istifadə etməzdən əvvəl xəstələr 48 saat gözləyir və yalnız “son çarə” kimi antibiotikə müraciət olunur. Lazım oldu-olmadı ondan istifadə edirik. Bəzi vətəndaşlar isə antibiotik verməyən həkimlərdən narazı qalır, hətta həmin həkim “savadsız” adlandırılır.
Tibb üzrə fəlsəfə doktoru, ATU- nun Kliniki farmakologiya kafedrasının assistenti Kəmalə Ağayevanın sözlərinə görə, antibakterial müalicə infeksion xəstəliklərin müalicəsində istifadə olunan kimyəvi terapiyadır: “Antibakterial maddələr etiotrop vasitələrə aid edilir və orqanizmdə xəstəlik törədən mikroorqanizmin inkişafını ləngidir və ya onu tamamilə məhv edir. Antibakterial preparatlar xəstəlik törədicilərinə seçici təsir göstərsələr də, bəzən əlavə arzuolunmaz effektlərə də səbəb olurlar. Antibakterial terapiya zamanı maksimum terapevtik effekt əldə etmək və əlavə təsirləri məhdudlaşdırmaq üçün müəyyən qaydalara riayət edilməlidir: müalicəyə başlamazdan əvvəl bakterioloji müayinə aparılmalıdır; törədicinin ona qarşı həssaslığı nəzərə alınmaqla seçilməlidir; mümkün qədər daha fəal və az toksik preparata üstünlük verilməlidir; doza və yeridilmə rejimi elə seçilməlidir ki, infeksiya ocağında kifayət qədər terapevtik konsentrasiya yaratsın; optimal yeridilmə üsulu seçilməlidir; müalicənin müddəti adətən 7-10 gündən artıq olmamalıdır, uzun müddətli müalicə kursları yalnız meningit, sepsis, endokardit, osteomielit, peritonit kimi ağır və generəlizə olunmuş ağır xəstəliklər zamanı aparılır, yanaşı xəstəliklər, xəstənin yaşı nəzərə alınmalıdır; antibiotiklərin əvvəllər necə keçirilməsi nəzərə alınmalıdır”.
K. Ağayeva bildirir ki, bütün sadalananlar nəzərə alınmaqla antibiotik təyini rasional antibiotikadır və bu şərtlərlə müalicəni yalnız həkim edə bilər: “Antibiotiklərin özbaşına istifadəsi bu dərman vasitələrinə qarşı reziztentliyin yaranmasına yəni mikrobun onlara qarşı davamlılığının yaranmasına gətirib çıxarır. Təəssüf ki, yaranan vəziyyət bütün cəmiyyətin antibiotiklərlə qeyri-düzgün münasibətindən irəli gəlib. İstənilən halda sərbəst antibiotik qəbulu, aptekdən reseptsiz antibiotik satışı, onların düzgün istifadə olunmaması, kütləvi halda nəzarətsiz istifadəsi, 1-2 gün müalicədən sonra özbaşına qəbulunun dayandırılması törədicilərdə rezistentliyin artmasına gətirib çıxarır”.