- Anemiya, ümumiyyətlə, qanın vahid həcmində hemoqlobinin miqdarının azalması ilə səciyyələnən vəziyyətdir: Fe defisitli (B 12 və fol defisitli), posthemorragik, hipoplastik(aplastik) və hemolitik anemiyalar müəyyənləşdirilir. 80% defisit anemiyalar dəmir defisiti ilə şərtlənir. Xüsusən uşaqlar və hamilələr arasında anemiyanın daha çox rast gəlinən forması dəmir defisitli anemiyalardır.
Anemiya - kliniki-hematoloji sindrom olmaqla bütün anemiyalara xas olan sirkulyator-hipoksiksindromla yanaşı hər bir anemiyaya xas olan spesifik əlamətlərə malikdir.
Xəstə həkimə müraciət edəndə ümumi şikayətlərini bildirir. Bu, ürəkdöyünmə, təngnəfəslik, ümumi halsızlıq, tez yorulma, göz qabağında qaralmalar, saçların tökülməsi, dırnaqlarda laylanması, tez sınması, saçların tökülməsi, dərinin quru olması, dərinin qabıqlanması periferik toxumaların qidalanmasının pozulmasının əlamətləridir. Daha çox xəstəni narahat edən ürəkdöyünmə və təngnəfəslik olur. Hansı ki, bu, digər kardioloji problemlərin də əsas simptomu ola bilər. Ona görə də ümumi terapevtə müraciət etdikdə, biz bu xəstəlikləri araşdırıb məhz onu yaradan səbəbi aşkarlayırıq. Bəzən bu şikayətlər talassemiyanın da olduğundan xəbər verə bilər.
Qeyd edim ki, mədə-bağırsaq sistemləri xəstəlikləri, erroziv qastritlər, xoralar, bunlar da eritrositlərin tərkibində olan hemoqlobinin sintezində iştirak edən dəmirin, B12 vitaminin, fol turşusunun sorulmasında problem yaratdığı üçün qan azlığına gətirib çıxara bilər. 10% qidanın tərkibindəki dəmir 12 barmaq bağırsaqdan və nazik bağırsağın başlanğıc hissəsindən sorulur. Xəstənin qanında hemoqlobinin səviyyəsində, bəzi göstəricilərdə azalma olan hallarda digər göstəriciləri də - qanda dəmirin səviyyəsi, ehtiyatda olan dəmiri- ferritini (dəmir orqanizmdə beyində, qaraciyərdə, əzələlərdə ehtiyat halında - ferritin formasında toplanır) təyin etməklə artıq həqiqətən də qan azlığı, dəmir defisitli anemiyanın olmasını müəyyənləşdiririk.
Daha ağır, bilavasitə qan yaranma ilə, qan yaranmanın sintezinin pozulması ilə əmələ gələn anemiyalar var ki, bu, hipoplastik, aplastik anemiyalardır. Bu, artıq sümük iliyində olan mielosupressiya və yaxud sümük iliyi yetməməzliyi nəticəsində artıq formalı elementlərin sintezinin pozulmasıdır ki, bu pansitomiya ola bilər, ya da eritrositlərin, trombositlərin, leykositlərin miqdarının azalması ilə səciyyələnir.
Qanazlığından əziyyət çəkənlər digərlərilə müqayisədə daha çox üşüyürlər. Bunun səbəbi nədir?
- Bəli, anemiya zamanı insanlar daha çox üşüyür. Toxumalara lazım olan qidalı maddələr və oksigen çatdırılmadığı üçün insan üşüyür. Çünki orqan və toxumalara oksigeni daşıyan hemoqlobinin tərkibində olan dəmirdir. Dəmir yetməməzliyi varsa, adekvat formada oksigen daşınmır, nəticədə hipoksemik şərait yaranır, toxuma mübadiləsi pozulur. Toxuma mübadiləsi pozulanda vazospazm, damarlarda daralma gedir, bu, eyni zamanda üşüməyə, periferik ətrafların soyumasına, skleranın avazıması, dırnaqların rənginin dəyişməsinə gətirib çıxarır. Anemiya zamanı əsas klinik əlamət olan ürəkdöyünmə və tənginəfəslik - məhz toxumanı qidalandırmaq üçün ora kifayət qədər adekvat qan qovmaq üçün simpatikoadrenal sistemin aktivləşməsi nəticəsində ürək-qan damar sisteminin fəaliyyəti artır. Ürək daha tez-tez yığılmağa çalışır ki, vahid zaman ərzində periferiyadakı toxumalara gedən qanın miqdarını sürətləndirsin. Bunlar hamısı - damarın daralması da, ürəkdöyünmənin artması da orqanizmin yaranmış prosesi kənarlaşdırmağa yönəldilən komprensator mexanizmlərdir. Sirkulator hipoksemik sindrom nəticəsində bəzən xəstələrdə stenokardiya ağrıları da yarana bilər. Bu, çox qərəzli bir haldır. Hətta xəstələrdə infarkt təhlükəsi yarana bilər.
Anemiya xəstəliyinə qarşı hansı profilaktik tədbirlər məsləhət görürsünüz?
- Birincisi, sağlam qidalanmalıyıq. Elə etməliyik ki, mədə-bağırsağımız normal işləsin. “Fast food” qidalanmalardan uzaq durmalı, bol meyvə-tərəvəz yeməliyik. Dəmirlə zəngin olan qida məhsullarından - alma, ciyər, kök, çuğundur, mal qaraciyəri rasiona daxil edilməlidir.
Bunlar profilaktik tədbirlərdir. Amma anemiya yaranıbsa, sadəcə dəmirlə zəngin qidalar kifayət etməz. Dəmirlə zəngin qida məhsulları yeyərək anemiyadan sağalmağı düşünmək absurddur. Mütləq müalicə almaq lazımdır. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, dəmirlə zəngin meyvə şirələri ilə biz dəmir ehtiyatını defisit vaxtı doldura bilmirik.
Anemiya irsidirmi?
- İrsi anemiya forması, əgər talassemiya varsa, bu irsidir. Digər anemiyalarsa irsi deyil. Hər hansı bir xəstəlik nəticəsində qazanılan formalardır. Burada gender fərqi də yoxdur.
Hamilə qadınlarda da anemiya diaqnozu qoyulur. Bunun döl üçün hansı fəsadları ola bilər? Gələcək analar bununla bağlı nəyi bilməlidir?
- Hamilə qadınlarda anemiyanın müalicəsini daha erkən başlamaq lazımdır. Hətta ana olmağı planlaşdıran xanımlar öncədən dəmirin, hemoqlobinin, eritrositlərin, yəni, qanın ümumi analizini verməklə, anemiyanın olub-olmadığını müəyyən etməlidir. Hamilə olmamışdan qanda hemoqlobinin səviyyəsini normaya qaldırmaq lazımdır. Çünki hamiləlik vaxtı döl də ananın qanı ilə qidalandığına üçünmütləq anemiyanı aradan qaldırmaq lazımdır. Bir var, ana orqanizminin hipoksiyası, bir də var dölün hipoksiyası. Bu döldə inkişaf anomaliyaları, döldə ürək döyüntülərinin artmasına, hipoksiyaya gətirib çıxara bilər ki, bu da ağır fəsadlarla nəticələnər. Ona görə, hamilə qadınlarda anemiyanı vaxtında aşkarlanıb müalicəsi tövsiyə olunur.
Anemiya müalicə olunmasa, hansı ağırlaşmalara səbəb ola bilər?
- Anemiya müalicə olunmasa, bu, artıq xroniki anemiyaya gətirib çıxarır. Xroniki formada əvvəlcə orqanizm öz kompensator mexanizmlərini işə salır ki, kəskin vəziyyətin qarşısını alsın. Amma sonradan bu özü orqanizmdə olan prosesin daha da dərinləşməsinə, yəni qapalı qüsurlu dövranın yaranmasına gətirib çıxarır. Damarlar daralaraq, periferik toxumaların qidalanması pozğunluğuna səbəb olur. Bu isə yanaşı halların yaranmasına gətirib çıxarır: sirkulyator anemik sindrom həyati vacib orqanların işemiyasına, stenokardiya, beyində işemik ocaqların yaranmasına, bütün orqanizmdə olan orqan və sistemlərin, toxumaların hipoksiyasına, oksigensiz mühitdə maddələr mübadiləsinin pozulmasına səbəb olur ki, bu da işemiyanı daha da dərinləşdirir. Eyni zamanda, uzun müddət davam edən ağır formalı anemiya xroniki ürək çatışmazlığına da səbəb ola bilir.
Bu gün internet üzərindən özünümüalicə geniş yayılıb. Buna münasibətiniz necədir?
- Bu haqda tələbələrlə də tez-tez danışırıq ki, dərmanları özbaşına qəbul etmək olmaz. Birinci diaqnoz düzgün qoyulmalıdır. Xəstəliyin səbəbi, etiologiyası aydınlaşdırılmalıdır. Mütləq xəstəliyi yaradan səbəbi müalicə etmək lazımdır. Anemiyanın ağırlıq dərəcəsinə görə də müalicə kursunu həkim təyin edir. Ən azı 3, maksimum 6 ay müalicə aparılmalıdır.
Özbaşına aptekə gedib, dərman alıb içməklə müalicə etmək olmaz. Müalicə yarımçıq və effektsiz olacaq. Məsələn, dəmir preparatları xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq orqanizmə müxtəlif formada və müxtəlif yollarla, məsələn,venadaxili, əzədaxili inyeksiya formasında və ya peroral kapsula şəklində təyin olunurlar. Bununla yanaşı başqa mexanizmlərə təsir edən dərmanlar da olmalıdır. Odur ki, müalicə kompleks şəkildə həkimin nəzarəti altında ciddi şəkildə aparılmalıdır.