Ağciyər emfizeması ağciyər parenximasının, alveolların destruktiv dəyişikliklərilə müşayiət olunan hava ilə dolması, şişməsi, genəlməsidir. Bu xəstəlik, xronik destruktiv bronxit və bronxial astma ilə birlikdə, hazırda AXOX (ağciyər xronik obstruktiv xəstəliyi) tərkibindən biridir. Qeyd etmək lazımdır ki, ağciyər emfizemasına sərbəst olaraq çox az hallarda təsadüf olunur və onun mövcudluğu həkimlər tərəfindən vaxtında qeydə alınmır. Ümumiyyətlə, xəstəliyin rastgəlmə tezliyi 4%-dən çoxdur.
Xəstəlik ən çox ikincili şəkildə baş verir. İkincili prosesdə ağciyərdə alveolların xronik iltihabını törədən infeksion və ya autoimmun amillər səbəb rolunu oynaya bilər. Bu mənada birinci yerdə bronxit və obstruktiv sindrom durur. Bundan başqa bronxial astma, keçirilmiş qızılca, göy öskürək, pnevmoniya, vərəm xəstəliyi, pnevmoskleroz, ağciyərin irinli xəstəlikləri, pnevmokonioz, yeni törəmələr, bitişmiş plevrit, döş qəfəsi deformasiyaları, qabırğa qığırdaqlarının vaxtından əvvəl sümükləşməsi ağciyər emfizeması ilə ağırlaşa bilər. Tütünçəkmə, zərərli ekoloji mühit, tozlu istehsalat şəraiti, anadangəlmə meyllik (leykosit mənşəli proteolitik fermentlərin təsiri, a1-antitripsinin çatışmazlığı) xəstəliyin inkişafını asanlaşdıran risk amilləri sırasına daxildir.
Ağciyər emfizeması essensial olaraq inkişaf edib, getdikcə artan təngnəfəslik və quru öskürəklə səciyyələnir və çox vaxt xronik bronxit, bronxial astma, bronxoektaziya, xronik pnevmoniya və ya pnevmosklerozla müşayiət edilir. Bu səbəbdən öskürəklə selikli və ya selikli – irinli bəlğəm xaric olunur, nəfəsvermə aktı uzanır, tənəffüs çətinləşir və bu işdə yardımçı əzələlər iştirak edir. Oksigen çatışrnazlığı xəstənin tədricən arıqlamasına səbəb olur. Anamnezdə tütünçəkmə, zərərli ekoloji və istehsalat amillərilə təmas keçirdiyi xronik və residivləşən respirator xəstəliklər, irsi meyllik haqqında məlumat olur. Ümumi görünüşdə döş qəfəsinin çəlləyə oxşaması, boyunun qısa olması, körpücüküstü sahələrin qabarması, boyun venalarının şişməsi və nəfəsvermə zamanı qabarması, diffuz sianoz görünür. Döş qəfəsinin genəlməsi onun aşağı hissəsində daha çox baş verir, qabırğarası sahələr genişlənmiş, qabırğalar üfüqi vəziyyət almış, epiqastral bucaq böyümüş (kütləşmiş), onurğa sütununun döş hissəsində kifoz əmələ gəlmiş, döş qəfəsinin və ağciyərin ekskursiyası məhdudlaşmış olur.
Rentgenoloji müayinədə diafraqmanın aşağıya doğru yer dəyişməsi, yastılaşması, onun və ağciyərin ekskursiyasının məhdudlaşması, ağciyər havalılığının, döş sümüyü arxası sahənin artması, ağciyərdə damar şədəkəsinin kasadlaşması, ürək kölgəsinin kiçilməsi ve sallanması, «uzanıb düşmək istəyən damcıya» oxşaması, bullyoz formada çoxlu miqdarda mövcud olan bullaların hesabına ağciyər şəklinin tutqunlaşması qeyd edilir. Rentgen-kompyüter tomoqrafiyası, qan analizləri, müəyyən tənəffüs sınaqları da bu xəstəlikdə aparıcı rol oynayır.
Birinci növbədə tütünçəkməni, ekoloji və istehsalat zərərli amilləri, xronik infeksion – iltihabi xəstəlikləri aradan götürmək üçün tədbirlər həyata keçirilməlidir. Dərman müalicəsi bronxodilatatorların, qlükokortikoidlərin və a1 – AT təyinindən ibarətdir. Bullektamiyadan ibarət cərrahi müalicə az effektivdir. Ağciyərin transplantasiyası əhəmiyyətlidir.